26 iyul 2012 15:45

“Bunu bəhanə etməməliyik, nəticə qazanmağa borcluyuq”

Hazırda Türkiyənin Nevşehir bölgəsində təlim-məşq toplanışında olan "Sumqayıt" Futbol Klubunun baş məşqçisi Bernard Raab hazırlıq prosesi və gələcək planlar haqqında klubun rəsmi saytına müsahibə verib. Azerisport.az həmin müsahibəni təqdim edir.
 
- Hazırlıq prosesindən razısınızmı?
- Təlim-məşq toplanışının ümumi planı hazır olduqdan sonra komanda iyulun ikisində bir araya toplaşdı. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşqlərə başladıq. Həm fiziki, həm də taktiki çalışmalar üzərində işlədik. Sağ olsun klubun rəhbərliyi komanda üçün Türkiyədə təlim-məşq toplanışını təşkil etdi. Uşaqların oradakı atmosferdən çıxması lazım idi. Üstəlik komandanın formalaşması baxımından da bu hazırlıq mərhələsi bizim üçün vacib idi. Türkiyədə bir yoxlama oyunu keçirdik, daha iki görüşümüz olacaq. Gənc komanda üçün güclü rəqiblərlə yoxlama oyunu keçirmək olduqca önəmlidir.
 
- "Kayseri Erciyesspor"la baş tutan yoxlama oyunu haqqında nə deyə bilərsiniz?
- Olduqca sərt qarşılaşma oldu. Hər iki komanda meydana qələbə üçün çıxmışdı. İlk on beş dəqiqədən sonra komandam meydanda daha inamlı təsir bağışladı. İlk qolu qapımızda görsək də, uşaqlar oyununu itirmədi və fasiləyə qədər bərabərliyi əldə edə bildik. Komanda "Kayseri Erciyesspor"la görüşdə verilən tapşırıqları meydanda həyata keçirə bildi. Qarşılaşma heç-heçə yekunlaşsa da, "Sumqayıt" rəqibinə nisbətən daha yaxşı oyun sərgilədi.
 
- "Sumqayıt"ın bundan sonrakı planları necə olacaq?
- Bu gün axşam növbəti yoxlama oyunumuzu keçirəcəyik. İki gündən sonra isə "1461 Trabzon" klubu ilə daha bir sınaq oyununa çıxacağıq. Olduqca intensiv proqram üzərində çalışırıq. Çempionatın startına qədər daha çox taktika üzərində çalışacağıq. Düşünürəm ki, AZAL-la oyuna qədər komanda hazır vəziyyətə gələcək.
 
- Premyer Liqanın startına az vaxt qalıb. Komandada hansı çatışmamazlıqlar var?
- Bəzi mövqelərdə yer alan futbolçular arasında anlaşma problemi var. Tez bir zamanda bunu aradan qaldıracağımıza inanırıq. Müdafiə xəttində boşluqlarımız olduğu üçün bu sahədə daha çox işləyirik. Bir cümlə ilə qeyd edim ki, komanda ötən mövsümə baxanda daha güclüdü.
 
- Fərid Quliyevin komandadan ayrılması barəsində nə deyə bilərsiniz?
- 14 gün Fərid Quliyevlə birlikdə işlədik. Onun yaxşı və pis cəhətlərini açıqlamaq istəmirəm. Sadəcə olaraq, futbolçu ilə anlaşa bilmədik. Üstəlik, Fəridin oyun sistemi komandama uyğun gəlmədi. Məşqçilər korpusu ilə oturub bu məsələni müzakirə etdikdən sonra qərar verdim. Fəridə gələcək karyerasında uğurlar arzulayıram.
 
- Artıq Premyer Liqanın püşkü atılıb. Təqvimi "Sumqayıt" Futbol Klubu üçün qənaətbəxş saymaq olarmı?
- Təqvim ötən ilkinə bənzəyir. Bizim üçün çox çətin olacaq. Yalnız ilk oyunumuzu doğma azarkeşlər qarşısında oynaycağımız üçün özümüzü şanslı saya bilərik. Çətin Tovuz səfərindən sonra isə ardıcıl rəqiblərlə görüşlər. Komanda olaraq təqvimi bəhanə etməməliyik, nəticə qazanmağa borcluyuq.
 
- Azərbaycan klublarının avrokuboklardakı şanslarını necə dəyərləndirirsiz?
- Deyə bilərəm ki, "Neftçi" "Zestafoni" ilə hər iki qarşılaşmada olduqca inamlı təsir bağışladı və layiq olduğu mərhələni keçdi. Mənim fikrimcə paytaxt klubu bu il çox güclənib. Lakin "Hapoel" səddini aşmaq "Neftçi" üçün çətin olacaq. "İnter"in "Asteras"la "Dalğa Arena"da baş tutan oyununu stadiondan izlədim. Bu komandanın oturmuş heyəti var. "İnter" sabit oyunu sayəsində növbəti mərhələyə vəsiqə qazana bilər. "Xəzər Lənkəran"ı isə Polşada olduqca çətin oyun gözləyir. Hər üç kluba qarşıdakı oyunlarda uğurlar arzulayıram.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.