27 iyul 2012 14:01
“Xəzər Lənkərana erkən qol vurmaq istəyirdik”
Polşanın “Lech” klubunun müdafiəçisi Lukaş Tralka UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri cavab matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Poznanda baş tutan həlledici qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Üç həftəlik zədədən sonra mən nəhayət ki, oyuna çıxdım. Özü də demək olar ki, sona qədər meydanda qaldım. Artıq heç bir problem hiss etmirəm. “Xəzər Lənkəran”la oyuna gəlincə, biz hələ ilk dəqiqələrdən erkən qol vurmağa çalışırdıq. Buna da nail olduq. Düzdü, başqa qol vura bilmədik. Amma ümid edirəm ki, növbəti oyunlarda bunu da bacaracağıq”.
Qeyd edək ki, bu komandalar arasında Lənkəranda keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab oyunu isə meydan sahiblərinin qələbəsi ilə başa çatdı – 1:0.
