27 iyul 2012 14:15
Simurq Avstriyada son məşqə çıxdı
2012/13-cü il mövsümünə hazırlıq çərçivəsində Avstriyada təlim-məşq toplanışında olan "Simurq" Peşəkar Futbol Klubu hazırlıqları tamamlamaq üzrədi. Azerisport.az xəbər verir ki, ötən gün son məşqlərinə çıxan komandanın səhər idmanı isinmə və qısa ötürmələrdən ibarət çalışma ilə başlayıb. Daha sonra isə baş məşqçi Georgi Çixradzenin rəhbərliyi altında taktiki tapşırıqları yerinə yetirilib.
Komandanın axşam məşqində qısa isinmə hərəkətlərindən sonra futbolçular fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında hazırlığı davam etdirib. Sonda isə ikitərli oyunla məşq tamamlanıb. Hazırlıq klub rəhbərliyi tərəfindən də izlənilib.
Qeyd edək ki, "Simurq" bu gün Avstriyada sonuncu yoldaşlıq görüşünə çıxacaq. Əvvəlcədən komandanın rəqibinin "Kayserispor" olacağı bildirilsə də, təşkilatçılar tərəfindən proqramda dəyişiklik edilib. Belə ki, “sarı-qaralar” Bakı vaxtı ilə 20:00-da başqa Super Liqa təmsilçisi "Gaziantepspor"la üz-üzə gələcək. Bu matçla "Simurq" Avstriyadakı təlim-məşq toplanışını başa vuracaq və bir gün sonra ölkəyə qayıdacaq.
