27 iyul 2012 15:38
“Biz Xəzər Lənkərandan bir qədər ehtiyat edirdik”
Polşanın “Lech” klubunun futbolçusu – müdafiəçi Hubert Volonkeviç UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri cavab matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Poznanda baş tutan həlledici qarşılaşma ilə bağlı öncə bunları dilə gətirib:
“Əlbəttə, çox çətin oyun alındı. Amma vurduğumuz erkən qol bizə çox kömək etdi. Etiraf edim ki, biz bir qədər narahat idik və azərbaycanlılardan ehtiyat edirdik. Çünki bu, həlledici oyun idi. İstənilən səhv faciə ilə nəticələnə bilərdi”.
Polşa təmsilçisi “Xəzər Lənkəran”la oyunda kifayət qədər fəal təsir bağışlamasına rəğmən, Hubert komandasının çıxışından narazı qalıb: “Hesab edirəm ki, ikinci hissədə komandamız pis təsir bağışladı. Mümkündü ki, hazırlıq öz təsirini göstərir. Amma onu da qeyd etməliyəm ki, “Lech” oyundan-oyuna daha artırır”.
27 yaşlı futbolçunun sözlərinə görə, onun komandası qol vəziyyətlərini çox sağa-sola xərcləyir: “Biz təkcə əks-hücumlarda rəqib qapısına bir neçə qol vura bilərdik. Amma hər dəfə bu şansları əldən verirdik. Məncə, ikinci qolu vursaydıq, oyunun gedişində bu qədər həyəcan keçirməzdik. Biz 1:0-dan daha artığına layiq idik”.
Volonkeviç hətta hesabı açdıqdan sonra da onlara çətin olduğunu dilə gətirib: “Etiraf edim ki, komandamız qol vurduqdan sonra Azərbaycan komandasını saxlamaq daha çətin idi. Amma oyunun nəticəsini nəzərə alsaq, əminliklə demək olar ki, biz bu vəzifənin öhdəsindən layiqincə gəldik”.
Qeyd edək ki, bu komandalar arasında Lənkəranda keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab oyunu isə meydan sahiblərinin qələbəsi ilə başa çatdı – 1:0.
