27 iyul 2012 11:58
Hapoelin qapıçısı: Kifayət qədər güclü komandaya qarşı oynayacağıq
İsrailin “Hapoel” (Kiryat Şmona) klubunun qapıçısı Danni Amos UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi” ilə qarşılaşmalar öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Düzünü deyim ki, mən hələ də Slovakiyanın “Jilina” klubunu keçdiyimizə inana bilmirəm. Məşq edərkən Çempionlar Liqasının oyununa hazırlaşdığını bilmək, düşünmək çox xoşdu. Xüsusilə də doğma azarkeşlərimizin gözü qarşısında daha bir oyun keçirmək şansı qazanmağımız məni çox həyəcanlandırır”.
Maraq üçün xatırladaq ki, əslində “Hapoel” ÇL-dəki ev oyunlarını heç də öz doğma arenasında – Kiryat Şmonadakı “Munincipial” stadionunda yox, Hayfa şəhərində qəbul edir. Çünki son İsrail çempionunun öz stadionu hələlik UEFA-nın tələblərinə cavab vermir. Bu, həm də Livanla təhlükəli sərhəd zonasına çox yaxındı.
“Hapoel”in qapıçısı daha sonra bunları söyləyib: “Jilina” ilə ev oyununda çox yaxşı təsir bağışladıq. İndi öz gücümüzü “Neftçi” ilə oyunlarda nümayiş etdirməliyik. Bu səddi keçmək üçün əlimizdən gələni etməliyik”.
Amosun fikrincə, rəqibi aşağı qiymətləndirmək olmaz: “Bizim üçün Çempionlar Liqasının pley-off mərhələsinə düşmək kimi tarixi bir şans var. Bu, ən azı Avropa Liqasının qrup mərhələsini təmin etmək deməkdi. Amma kifayət qədər güclü komandaya qarşı oynayacağıq. Bizə hələ onları daha yaxından öyrənmək lazımdı. Bu mərhələdə zəif rəqiblər olmur”.
Qeyd edək ki, “Neftçi” ilə “Hapoel” arasındakı ilk oyun avqustun 1-də Hayfada keçiriləcək və Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Cavab görüşü isə avqustun 8-də “Dalğa Arena”da keçiriləcək ( saat 21:00).
