28 iyul 2012 00:37
AZAL Türkiyədə daha bir qələbə qazandı
Türkiyədə təlim-məşq toplanışında olan AZAL daha bir yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in rəqibi yenə Türkiyə klubu olub.
Belə ki, baş məşqçi Vaqif Sadıqov yetirmələrini TFF birinci liqada çıxış edən “Boluspor”la oyunda sınayıb. Qarşılaşma AZAL-ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollara Orxan Həsənov və Türkmənistan millisinin üzvü Elman Taqayev imza atıb.
Qeyd edək ki, AZAL qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində Türkiyə Super Liqasında çıxış edən “Antalyaspor”a 0:2 hesabıyla uduzmuş, “Mersin İdman Yurdu”na 2:1 qalib gəlmişdi. Ardından Səudiyyə Ərəbistanının “Najran” klubuna 1:0 qalib gələn “təyyarəçilər” yerli “Kartalspor”a divan tutmuşdu – 3:0. “Qarabağ”la dueldə isə 4:0 hesablı darmadağın qeydə alınmışdı. “Çaykur Rizəspor”la oyun isə hesab 0:1 rəqibin xeyrinə olarkən yarımçıq dayandırılmışdı.
