28 iyul 2012 21:33
Qəbələ yarım milyonluq braziliyalı futbolçu ilə müqavilə bağlayır
“Qəbələ” növbəti transferini reallaşdırmaq üzrədi. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisi Bolqarıstanın “Chernomorets” (Burqas) klubunun futbolçusu Lorival Assisi heyətinə qatmağa hazırlaşır.
Xatırladaq ki, bir neçə gün əvvəl Bolqarıstan mətbuatı Assisin klublarımızdan biri ilə müqavilə bağladığı barədə xəbər yaymışdı. Hətta həmin klubun Asisə görə 500 min avro ödədiyini də yazılmışdı. Həmin vaxt klubun adı açıqlanmasa da, braziliyalının “Qəbələ” ilə danışıqlar apardığı müəyyənləşib.
Hazırda futbolçu Bakıdadı. Amma onun yeni klubu ilə müqavilə bağlaması gecikir. Məsələ burasındadı ki, o, hələ son klubu ilə bütün problemləri yoluna qoymayıb. Bu məsələnin gələn həftənin əvvəlinə qədər yoluna qoyulacağı bildirilir.
Qeyd edək ki, Assis ampluaca sol cinah vingeridi. 1984-cü ildə anadan olan futbolçu peşəkar karyerasına yerli “İrati” klubunda başlayıb. Lakin təəssüf ki, onun bu komandada 2004-2008-ci illər aralığında neçə oyun keçirdiyi bəlli deyil. 2009-cu ildə Asis İsveçin “Kalmar” klubuna keçib. Burda 7 oyun keçirən yarımmüdafiəçi elə həmin il yenidən Braziliyaya qayıdıb və “Avai” klubunda 6 oyuna çıxıb. 2010-cu ildə Assis Braziliyanın “America RN” komandasında çıxış edib – 5 oyun. 2011-ci ildə isə onu “Botafogo” klubu heyətinə qatıb. Bu komandada 12 qarşılaşmaya çıxan Amsis elə həmin ildən Bolqarıstana transfer olunub. O, “Chernomorets”də 25 oyun keçirib, 10 qol vurub.
