28 iyul 2012 12:15
Yunanıstan millisinin üzvü Azərbaycan klubuna keçir
Futbol üzrə Yunanıstan yığmasının hücumçusu Vangelis Mantsios Azərbaycandan təklif alıb. Azerisport.az xəbər verir ki, o, Premyer Liqamızın aparıcı klublarından birinin sıralarına keçə bilər.
Qeyd edək ki, 29 yaşlı futbolçu hazırda OFİ-də çıxış edir. O, Azərbaycan təmsilçisinin təklifini qəbul etsə, ilinə 150 000 avro qazanacaq. Vangelis həmçinin ölkəmizdə qazanacağı uğurların müqabilində də mükafatlar qazanmaq şansına malik olacaq. Belə ki, Azərbaycan kubokunu qazanacağı halda 50 min, Çempionlar Liqasının qrup mərhələsinə çıxacağı halda 80 min, Avropa Liqasının qrup mərhələsinə çıxacağı halda 50 min avro mükafat almaq şansı qazanacaq. Bundan əlavə o, mövsüm ərzindəki oyunların 60 faizində iştirak etsə, əlavə 30 000, 80 faizində iştirak etsə, 40 000 avro qazanc əldə edəcək. Mövsüm ərzində 12 qol vuracağı halda 20 000, 17 qoldan artığına imza atacağı halda 30 000 əlavə mükafat nəzərdə tutulub.
Bütövlükdə isə, onun Azərbaycanda 500 min avro qazanmaq şansı var. Lakin maraqlıdı ki, yunan həmkarlarımız bütün bu detalları öyrənə bildikləri halda, hələlik həmin klubun dəqiq adını açıqlamayıblar. Baxmayaraq ki, bu klubun “Bakı” olduğu ehtimal kimi irəli sürülür. Çünki bu komandaya hazırda yaxşı bir hücumçu lazımdı. Komandanın yeni baş məşqçisi Bojidar Bandoviç isə vaxtilə Yunanıstanda çalışdığından, bu ölkənin futbolçularını yaxşı tanıyır. Deməli, Mantsiosun məhz paytaxt klubuna keçidi daha inandırıcıdı.
Qeyd edək ki, 1983-cü ildə anadan olan Vangelis peşəkar karyerasında 2001-ci idlə “Panionios”da başlayıb. O, 2005-ci ilə qədər bu komandada 70 oyunda 15 qol vurub. 2005-2011-ci illər aralığında isə o, “Panathinaikos”un şərəfini qoruyub. Premyer Liqamızın potensial oyunçusu bu komandada 68 oyuna 19 qol vurub. Lakin həmin illərdə o, bəzi klublara icarəyə də verilib. Məsələn, 2008-ci ildə Almaniyanın “Eintracht” klubuna icarəyə verilən futbolçu burda 10 oyun keçirib, 1 qol vurub. 2010-cu ildə “Anorthosis” onu sıralarına qatıb (14 oyun, 9 qol). Həmin il həmçinin Portuqaliyanın “Maritimo” komandası da onu icarəyə götürüb. Amma o, burda cəmi 1 oyuna çıxıb. 2011-2012 mövsümündən etibarən isə o, OFI-yə məxsusdu. Futbolçu bu komandada 22 oyun keçirib, 7 qol vurub.
Vangelis 2005-ci ildən etibarən Yunanıstan yığmasına da çağırılır. O, bu komandada indiyə qədər 7 oyun keçirib.
