29 iyul 2012 00:25
Kamran Ağayev paytaxt klubu ilə müqavilə bağlayır
“Bakı” daha bir səs-küylü transfer həyata keçirməyə yaxındı. Azerisport.az xəbər verir ki, paytaxt klubu “Xəzər Lənkəran”ın transferə çıxardığı Kamran Ağayevi heyətinə qatmağa çalışır.
Artıq tərəflər bununla bağlı danışıqlar stolu arxasına da əyləşiblər. Belə ki, paytaxt klubunun bazasında görüş keçirilib və müqavilənin şərtləri müzakirə olunub.
Lakin Ağayevi heyətində görmək istəyən daha bir klubumuz var. Belə ki, “Qəbələ” də millimizin qolkiperini heyətinə qatmaqda maraqlıdı.
İndi futbolçunun bu variantlardan hansını qəbul edəcəyi maraqla gözlənilir. Maraq üçün bildirək ki, burda heç də hər şey Ağayevin özündən asılı deyil. Çünki “Xəzər Lənkəran” futbolçusunu sərbəst buraxmayıb, transferə çıxarıb. Bu, o deməkdi ki, cənublular təcrübəli qapıçını heyətinə qatmaq istəyən klubdan müəyyən məbləğ tələb edəcək. Çox güman ki, həmin məbləğ də kifayət qədər “yaxşı” olduğundan, “Qəbələ” və “Bakı”nın bu transferdən imtinası ilə nəticələnə bilər.
Onu da qeyd edək ki, hazırda daha ciddi qapıçı problemi olan “Bakı”dı. Avropa Liqasında yalnız Aqil Məmmədovun ümidinə qalan paytaxt klubu yalnız son anda makedoniyalı Edin Nuredinoskini transfer etdi. Aqil isə hazırda hərbi xidmətə yola düşüb və onun MOİK-dən icarəyə götürülməsi gündəmdədi. Bu üzdən “Bakı” artıq karyerasını başa vuran Xalidu Sissokonu da məşqlərə cəlb edib. Təbii ki, belə qapıçı qıtlığı fonunda Kamran Ağayev “zolaqlılar” üçün əsl göydəndüşmə sayıla bilər. Amma bir daha qeyd edək ki, bunun üçün bütün tərəfləri razı salan şərtlərin olması vacibdi.
Yeri gəlmişkən, Kamranın “Bakı”ya keçidi hələ iyun ayında da gündəmdə idi. Amma həmin vaxt paytaxt klubu özü bu transferdən imtina etmişdi. İndi isə Ağayevin “zolaqlılar”la müqavilə bağlaması daha inandırıcı görünür. Millimizin qapıçısının ölkə xaricinə yollanması isə qətiyyən inandırıcı görünmür. Çünki o, öz müsahibəsində də qeyd edib ki, hansısa problemləri səbəbindən vətəndən kənarda çıxış etməyə hazır deyil. Halbuki, əksər vaxtlar Ağayev məhz legioner həyatı yaşamaq istədiyini bəyan edirdi.
