29 iyul 2012 12:34
UEFA-dan Neftçi - Hapoel matçı ilə əlaqədar müəmmalı qərar
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi” ilə İsrailin "Hapoel" klubu (İroni Kiryat Şmona) arasında keçiriləcək cavab matçının baş hakimi dəyişdirilə bilər. Azerisport.az xəbər verir ki, avqustun 8-də "Dalğa Arena"da baş tutacaq görüşü idarə edəcək hakimin kimliyi ilə bağlı müəmmalı durum yaranıb.
Maraq üçün qeyd edək ki, iyulun 26-da UEFA-nın rəsmi saytı bu görüşün litvalı referi Gediminas Majeyka tərəfindən idarə olunacağını yazmış və biz də oxucularımızı bundan xəbərdar etmişdik. Lakin bu gün UEFA-nın rəsmi saytına nəzər salarkən fərqli mənzərənin şahidi olduq. Belə ki, “Neftçi” – “Hapoel” matçının baş hakiminin hələ açıqlanmadığı göstərilir. Halbuki, ÇL-in üçüncü təsnifat mərhələsində həm ilk, həm də cavab qarşılaşmalarının hamısının baş hakimlərinin kimliyi bəllidi. Yalnız “Neftçi”nin İsrail təmsilçisi ilə görüşünün baş hakimin adının siyahıdan çıxarılması diqqət çəkir. Görünür, hansısa səbəblərdən UEFA bu oyunun litvalı referi tərəfindən idarə olunmamasına qərar verib. Onu kimin əvəzləyəcəyi isə bəlli deyil.
Qeyd edək ki, bu komandalar arasında İsraildə keçiriləcək ilk oyun avqustun 1-də keçiriləcək və Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. Qarşılaşmanı irlandiyalı Alan Kelli idarə edəcək.
