30 iyul 2012 14:33
Yunanıstan millisinin üzvü Azərbaycan klubuna keçməyə razılıq verdi
Futbol üzrə Yunanıstan yığmasının hücumçusu Vangelis Mantsiosun Azərbaycan klubundan təklif aldığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, o, Premyer Liqamızın aparıcı klublarından biri ilə razılığa gəlib.
Yunanıstan mətbuatının yazdığına görə, AEK də bu oyunçunu sıralarına qatmaq istəyirmiş. Amma futbolçu artıq Azərbaycan təmsilçisinə müsbət cavab verdiyindən, yunan klubu istəyinə çata bilməyib. Amma təəssüf ki, Vangelisin konkret hansı klubla razılığa gəldiyi barədə dəqiq məlumat verilmir.
Qeyd edək ki, 29 yaşlı futbolçu böyük ehtimalla “Bakı”ya keçəcək. Çünki bu komandaya hazırda yaxşı bir hücumçu lazımdı. Komandanın yeni baş məşqçisi Bojidar Bandoviç isə vaxtilə Yunanıstanda çalışdığından, bu ölkənin futbolçularını yaxşı tanıyır. Deməli, Mantsiosun məhz paytaxt klubuna keçidi daha inandırıcıdı.
1983-cü ildə anadan olan Vangelis peşəkar karyerasında 2001-ci idlə “Panionios”da başlayıb. O, 2005-ci ilə qədər bu komandada 70 oyunda 15 qol vurub. 2005-2011-ci illər aralığında isə o, “Panathinaikos”un şərəfini qoruyub. Premyer Liqamızın potensial oyunçusu bu komandada 68 oyuna 19 qol vurub. Lakin həmin illərdə o, bəzi klublara icarəyə də verilib. Məsələn, 2008-ci ildə Almaniyanın “Eintracht” klubuna icarəyə verilən futbolçu burda 10 oyun keçirib, 1 qol vurub. 2010-cu ildə “Anorthosis” onu sıralarına qatıb (14 oyun, 9 qol). Həmin il həmçinin Portuqaliyanın “Maritimo” komandası da onu icarəyə götürüb. Amma o, burda cəmi 1 oyuna çıxıb. 2011-2012 mövsümündən etibarən isə o, OFI-yə məxsusdu. Futbolçu bu komandada 22 oyun keçirib, 7 qol vurub.
Vangelis 2005-ci ildən etibarən Yunanıstan yığmasına da çağırılır. O, bu komandada indiyə qədər 7 oyun keçirib.
