30 iyul 2012 20:27
UEFA Neftçinin Bakıdakı oyununu isveçli hakimə tapşırdı
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi” ilə İsrailin "Hapoel" klubu (İroni Kiryat Şmona) arasındakı cavab matçının baş hakiminin adı açıqlanıb. Azerisport.az xəbər verir ki, avqustun 8-də "Dalğa Arena"da baş tutacaq görüşü isveçli hakim idarə edəcək.
Belə ki, həlledici oyunu Martin Strömberqson idarə edəcək. Lakin hələlik ona kimlərin kömək edəcəyi məlum deyil.
Maraq üçün bildirək ki, UEFA öncə bu oyunu litvalı referi Gediminas Majeykaya tapşırmışdı. Qitə futbol qurumu hətta bu barədə rəsmi saytı vasitəsilə açıqlama da verilmişdi. Amma sonradan nədənsə Majeykanı isveçli referi əvəzləyib.
Qeyd edək ki, bu komandalar arasında İsraildə keçiriləcək ilk oyun avqustun 1-də keçiriləcək və Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. Qarşılaşmanı irlandiyalı Alan Kelli idarə edəcək.
