1 avqust 2012 14:07
Simurq üç futbolçu ilə müqavilə imzaladı
Yeni mövsümə iddialı heyət qurmağı planlaşdıran "Simurq" Peşəkar Futbol Klubu əvvəlcədən razılıq əldə etdiyi üç futbolçunun keçidini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, qapıçı David Petşkeviç, müdafiəçi Dilavər Zrnanoviç və yarımmüdafiəçi Stepan Polyak bu komanda ilə bir illik müqaviləyə imza atıb.
Artıq Zaqatalada toplaşan “sarı-qaralar”ın düşərgəsinə qoşulan legioner futbolçular bu gündən komanda ilə məşqlərə başlayacaqlar.
Polşalı qapıçı David Petşkeviç "Simurq"da 22 nömrəli formanı geyinəcək. 24 yaşlı əlcək ustasının son klubu "Banik Ostrava" kollektivi olub.
Avstriyadakı təlim-məşq toplanışında özünü yaxşı tərəfdən göstərərək "Simurq"un heyətinə qatılan bosniyalı müdafiəçi Dilavər Zrnanoviç isə 4 nömrəli forma ilə meydana çıxacaq.
Xorvatiya yarımmüdafiəçi Polyak isə Zaqatala təmsilçisinin heyətində 14 nömrəli forma ilə mübarizə aparacaq.
