1 avqust 2012 11:51
“Neftçi ilə oyunda 1:0 bizi tamamilə qane edir”
İsrail çempionu “Hapoel”in (Kiryat Şmona) futbolçusu Darko Tasevski UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri ilk matçla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, makedoniyalı yarımmüdafiəçi Hayfada baş tutacaq qarşılaşmadan öncə bunları dilə gətirib:
“Biz “Neftçi” ilə matçda çox diqqətli oynamalıyıq. Tam olaraq nəticəyə köklənməyimiz lazımdı. Əlbəttə, daha çox qol vurmaq istərdik. Amma “Neftçi” sıradan komanda deyil. Buna görə də 1:0 bizi tamamilə qane edir”.
Qeyd edək ki, bu komandaların birinci oyunu bu gün Hayfa şəhərindəki “Kiryat-Eliazer” stadionunda baş tutacaq. Matç yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə saat 21:30-da) başlayacaq. Cavab qarşılaşması isə avqustun 8-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Həmin görüş saat 21:00-da start götürəcək.
