1 avqust 2012 00:08
Tarixi zəfər üçün ilk sınaq
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi” də bu mərhələdə birinci oyununa çıxacaq.
Məlum olduğu kimi, komandamız ÇL-in cari mövsümündəki ilk cəhdində Gürcüstan çempionu “Zestafoni” ilə qarşılaşmışdı. Bakıdakı ilk oyunda 3:0 hesablı darmadağına imza atan “ağ-qaralar” Gürcüstandakı qarşılaşmada da məhsuldar heç-heçəyə (2:2) nail olmaqla, mərhələ adlamışdı. İndi Azərbaycan çempionu eyni aqibəti İsrailin “Hapoel” (Kiryat Şmona) klubuna da yaşatmaq iddiasındadı.
Qeyd edək ki, İsrail çempionu da “Neftçi” kimi mübarizəyə məhz ikinci təsnifat mərhələsindən başlayıb və burda Slovakiyanın “Jilina” klubundan üstün olub. İlk oyunda 0:1 hesabıyla uduzmasına rəğmən, doğma meydanda qazanılan 2:0 hesablı qələbə İsrail təmsilçisinin ümumi zəfəri üçün yetərli olub.
İroni Kiryatı təmsil edən klub 2000-ci ildə yaradılıb. Klubun prezidenti İzzi Şeratskidi, baş məşqçisi Gili Landaudu. Bu ildən komandaya başçılıq edən 54 yaşlı israilli mütəxəssis əvvəllər İsrailin müxtəlif klublarında çalışıb.
Komanda bundan əvvəl cəmi bir dəfə avrokuboklarda iştirak edib. 2008-2009 mövsümündə UEFA Kubokunda çıxış edən “Hapoel” birinci təsnifat mərhələsində Çernoqoriyanın “Mogren” klubunu mübarizədən kənarlaşdırsa da (1:1, 3:0), ardınca Bolqarıstanın “Litex” klubuna yenilib (0:0, 1:2).
“Neftçi”nin rəqibi tarixi ərzində cəmi bir dəfə ölkə çempionu olub. Komanda başa çatan mövsümdə Təl-Əviv “Hapoel”ini 14 xal geridə qoyaraq çempionluğu bayram edib. Ev oyunlarını Kiryat Şmonadakı 5300 azarkeş tutumlu “Municipal” stadionuda keçirir. Lakin həmin stadion UEFA-nın tələblərinə cavab vermədiyi üçün, komanda avrokuboklardakı rəqiblərini başqa şəhərdə - Hayfada qəbul edir.
İsrailin son çempionunun heyətində 5 legioner forma geyinir. Bunlar makedoniyalı Darko Tasevski, amerikalı Brayan Gerziciç, argentinalı David Solari, serbiyalı Duşan Matoviç və macar Laslo Lençedi. Bütövlükdə isə, İsrail təmsilçisi “Neftçi” ilə oyunlara 26 futbolçu sifariş edib. Onların üçü qapıçı, səkkizi müdafiəçi, yeddisi yarımmüdafiəçi, səkkizi hücumçudu:
Qapıçılar: 1. Rom-David İluz, 13. Daniel Amos, 45. İtamar Nitsan;
Müdafiəçilər: 3. Mekonent Yazo, 4. Ben Vaaba, 5. Şir Çedek, 15. Elyad Qabay, 17. Sali Hassarmi, 20. Lior Levi, 21. Elsan Tibi, 81. Duşan Matoviç;
Müdafiəçilər: 3. Mekonent Yazo, 4. Ben Vaaba, 5. Şir Çedek, 15. Elyad Qabay, 17. Sali Hassarmi, 20. Lior Levi, 21. Elsan Tibi, 81. Duşan Matoviç;
Yarımmüdafiəçilər: 6. Ravid Qazal, 8. Ehud Maaravi, 12. Beni Ben-Zaken, 14. Vael Mresat, 18. Brayan Gerziçiç, 22. Darko Tasevski, 23. Adrian Rohet;
Hücumçular: 7. Əhməd Abed, 9. Yoel Çehanoviç, 10. Barak Badaş, 16. Adi Elişa, 19. Şimon Abihazira, 24. David Solari, 25. Ofir Mizrahi, 29. Laslo Lençe.
Göründüyü kimi, heyətinə görə rəqib o qədər də qorxulu təsir bağışlamır. Amma bu, “Neftçi”nin İsrail çempionunu da asanlıqla mübarizədən kənarlaşdıracağı təəssüratı yaratmamalıdı. Əksinə, “ağ-qaralar”ı “Zestafoni” ilə oyunlardan qat-qat çətin sınaq gözləyir. Ən azı ona görə ki, İsrail futbolu yenicə inkişaf etməkdə olan Gürcüstan çempionatı ilə müqayisədə daha üstündü.
Amma hər şeyə rəğmən, “Neftçi” bu rəqibini keçməyə borcludu. Çünki ikinci təsnifat mərhələsinin püşkatmasında olduğu kimi, üçüncü mərhələnin püşkündə də “Neftçi”yə düşə biləcək ən zəif cütlük məhz “Hapoel” – “Jilina” idi. Deməli, komandamız bəxtin üzünə gülməsindən maksimum yararlanmalıdı. Axı “ağ-qaralar” hətta Şotlandiya “Celtic”i ilə də düşə bilərdi ki, uğur qazanmaq şansı demək olar ki, qalmazdı. Amma bir halda ki, püşk “Neftçi”yə münasib rəqiblər çıxarır, deməli bunu dəyərləndirmək lazımdı.
Bu yolda ilk oyunun səfərdə keçirilməsi də təmsilçimiz üçün əlavə bir üstünlük deməkdi. Hər halda belə pley-off oyunları zamanı cavab görüşünü evdə keçirən komandalar daha şanslı hesab olunurlar. Çünki doğma meydan amilindən yararlanan həmin klublar cütün taleyini məhz azarkeşlərinin də dəstəyi sayəsində öz xeyirlərinə dəyişə bilirlər. İndi “Neftçi” də Hayfada keçiriləcək ilk görüşdən mütləq sərfəli nəticə ilə qayıtmalıdı. Belədə, Bakıda keçiriləcək qarşılaşmada cütün taleyini daha asan həll etmək olar. Amma “ağ-qaralar” İsraildə böyük hesabla məğlub olsa, növbəti mərhələyə adlamaq daha da çətinləşəcək.
Yeri gəlmişkən qeyd edək ki, “Neftçi” bu rəqibini keçəcəyi halda daha bir əlavə üstünlük, hətta tarixi şans qazanacaq. Belə ki, komandamız nəinki ÇL-in qrup mərhələsinə düşmək uğrunda mübarizə aparmaq hüququ qazanacaq, hətta birbaşa Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin etmiş olacaq. Yəni “ağ-qaralar” pley-off mərhələsində məğlub olsa da, Avroliqanın qruplarında mübarizəni davam etdirəcək. Belə bir uğura isə indiyə qədər heç bir Azərbaycan klubu imza atmayıb. Beləcə, futbolumuzun “flaqman”ı sayılan komanda bu adı doğrultmuş olacaq. Bu isə o deməkdi ki, “Neftçi” Azərbaycan futbolu tarixində ilk dəfə olaraq ən azı bu ilin dekabr ayına qədər avrokuboklardakı çıxışını davam etdirəcək. Çünki Avroliqanın qrup mərhələsinin oyunları məhz həmin ayda başa çatacaq. Lakin şübhəsiz ki, ÇL-in qrup mərhələsinə düşmək üçün də mübarizəni davam etdirmək şansından maksimum yararlanmaq heç də pis olmazdı. Eyni zamanda komandamız ÇL-in üçüncü təsnifat mərhələsində məğlub olsa da, Avropa Liqasının pley-off mərhələsində mübarizə aparmaq fürsəti əldə edəcək. Amma bu, indiki halda bizim üçün heç də arzuolunan deyil.
Qeyd edək ki, “Hapoel”lə oyun ərəfəsində komandamızın heyətində bəzi kadr problemləri var. Belə ki, ötən avrokuboklar mövsümündən zədəli olan Rodriqinyo düz bir ildi ki, komandasına kömək edə bilmir. Onun məhz bu avrokuboklar mövsümündən etibarən sıraya dönüşü proqnozlaşdırılsa da, braziliyalı yarıımmüdafiəçi hələ də tam hazır deyil. Bundan əlavə komandanın və Premyer Liqamızın bombardiri Bahodir Nasimov da zədəlidi. Hazırda vətənində müalicə olunan özbək forvard “Zestafoni” ilə görüşlərdə olduğu kimi, “Hapoel”lə duellərdə də forma geyməyəcək. Bütün bunlar azmış kimi komandanın baş məşqçisi Böyükağa Hacıyevin də səhhətində problem yaranıb. Bu üzdən o da “Zestafoni” ilə görüşlərdə komandasının yanında deyildi. Hazırda Moskvada müalicə olunan mütəxəssisi yenə əsas köməkçisi Tərlan Əhmədov əvəz edəcək.
“Neftçi”nin ÇL üçün iştirak ərizəsi:
Qapıçılar: 1. Rauf Mehdiyev, 12. Emil Balayev, 30. Saşa Stamenkoviç;
Müdafiəçilər: 2. Rail Məlikov, 3. Saşa Yunisoğlu, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 16. Bruno Bertuççi, 26. Kərim Diniyev, 32. Elvin Yunuszadə;
Yarımmüdafiəçilər: 6. Rəşad Sadiqov, 7. Rodriqinyo, 9. Flavinyo, 10. Julius Vobay, 15. Erik Ramos, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 25. Cavid İmamverdiyev;
Hücumçular: 8. Elşən Abdullayev, 11. Nikolas Kanales, 14. Bahodir Nasimov, 28. Emin Mehdiyev, 29. İlham Allahverdiyev.
Sonda maraq üçün qeyd edək ki, “Neftçi”nin “Hapoel”lə cavab oyunu avqustun 8-də keçiriləcək.
Çempionlar Liqası
3-cü təsnifat mərhələsi (ilk oyun)
1 avqust
21:30. HAPOEL (Kiryat Şmona) – NEFTÇİ
Hayfa. “Kiryat-Eliazer” stadionu.
Hakimlər: Alan Kelli, Damyen Makqreyt, Mark Duqlas, Qraham Kelli (hamısı İrlandiya).
UEFA nümayəndəsi: Dusan Tittel (Slovakiya).
Hakim-inspektor: Ferenç Şekeli (Macarıstan).
