1 avqust 2012 00:33
Darko Tasevski: Biz Neftçidən daha güclüyük
İsrail çempionu “Hapoel”in (Kiryat Şmona) futbolçusu Darko Tasevski UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri ilk matçla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, makedoniyalı yarımmüdafiəçi Hayfada baş tutacaq qarşılaşmadan öncə bunları dilə gətirib:
“Zədəli olsam da, bu oyunda iştirak etmək istəyirəm. Baş məşqçinin sərəncamındayam. Qoy baş məşqçi özü qərar versin. Oyuna gəlincə, bizi çətin qarşılaşma gözləyir. Hesab edirəm ki, biz rəqibdən güclüyük. Bundan əvvəlki oyunda olduğumuz kimi inamlı futbol sərgiləməli, dözümlü olmalıyıq”.
Qeyd edək ki, bu komandaların birinci oyunu bu gün Hayfa şəhərindəki “Kiryat-Eliazer” stadionunda baş tutacaq. Matç yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə saat 21:30-da) başlayacaq. Cavab qarşılaşması isə avqustun 8-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Həmin görüş saat 21:00-da start götürəcək.
