2 avqust 2012 01:42
Tərlan Əhmədov: Bakıda növbəti mərhələ yox, imic üçün oynayacağıq
“Neftçi”nin məşqçisi Tərlan Əhmədov UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsrail çempionu “Hapoel”ə (Kiryat Şmona) qarşı keçirdikləri ilk matçla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Hayfada baş tutan qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Onlar yaxşı oyun keçirdilər. Amma eyni sözləri öz komandamız haqda deyə bilmərəm. Birinci hissədə qol vurmaq şanslarımız oldu. Onlardan yararlanmaq lazım idi. Amma əvəzində mənasız qollar buraxdıq. Başa düşürük ki, artıq növbəti mərhələyə adlamaq şanslarımız çox azdı. Buna baxmayaraq, Bakıda öz imicimiz üçün oynayacağıq”.
Qeyd edək ki, bu komandalar arasındakı cavab qarşılaşması avqustun 8-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Həmin görüş saat 21:00-da start götürəcək.
