2 avqust 2012 16:52
Roberto Karlos futboldan getdi
Braziliya futbolunun canlı əfsanələrindən olan Roberto Karlos futbolçu karyerasını başa vurduğunu açıqlayıb. Azerisport.az xəbər verir ki, son olaraq Rusiyanın “Anji” klubunda çıxış edən ünlü sol cinah müdafiəçisi artıq məşqçilik karyerasına start verməyə qərar verib.
39 yaşlı Karlos hazırda məşqçilik lisenziyası almaq üçün çalışır. O, buna nail olan kimi elə “Anji”də məşqçiliyə davam edəcək.
Karlos artıq rəsmi vida matçı barədə də ipucu verib: “Madrid "Real”ı ilə “Anji” arasında oynanılacaq bir yübiley matçı keçirmək üçün danışıqlarım olub”.
“Palmeiras”da keçirdiyi iki mövsümün ardından 1995-ci ildə “Inter”ə keçən Roberto Karlos bu klubda bir il qaldı və “Real”a transfer oldu. Madrid klubu ilə dörd La Liqa, üç Çempionlar Liqası, üç İspaniya Kuboku və daha bir neçə kuboka sahib çıxan braziliyalı futbolçu İspaniya təmsilçisinin əfsanələrindən birinə çevrildi.
Lakin “Real”da keçirdiyi 11 mövsümün ardından o, “Fenerbahçe”yə transfer olmaq məcburiyyətində qaldı. O, Türkiyədə iki mövsüm forma geydi. Daha sonra ölkəsi Braziliyaya qayıdan futbolçu “Corinthians”la anlaşdı. 2011-ci ildən isə “Anji”də çıxış edən Karlos elə bu klubda da futbolla vidalaşdı.
Braziliya millisində 125 oyuna çıxan Karlos 2002-də dünya çempionluğunu bayram edib. 1997 və 1999-cu illərdə isə “Copa America”nı qazanıb.
