2 avqust 2012 11:26
Genkin sabiq hücumçusu Azərbaycan klubunda
“Simurq” daha bir futbolçu ilə münasibətlərini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun növbəti transferi də legioner olub.
Belə ki, “Simurq” serb hücumçu Nenad Stoyanoviçlə müqavilə imzalayıb. O, növbəti mövsümün sonuna qədər zaqatalalıların uğurları üçün tər tökəcək.
Futbolçu artıq tibbi müayinədən keçib. 32 yaşlı futbolçu “sarı-qaralar”ın heyətində 79 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, təcrübəli hücumçu “Simurq”un Avstriyada təşkil olunmuş təlim-məşq toplanışında da iştirak edib. Artıq Zaqatalaya yola düşən Nenad bu gündən komanda ilə birlikdə məşqlərə çıxacaq.
Stoyanoviçin son iş yeri Çernoqoriyanın “Rudar” klubu olub. O, ötən mövsüm bu komandada 28 oyun keçirib, 9 qol vurub və 1 sarı vərəqə alıb.
32 yaşlı forvard 1997-2005-ci illərdə Serbiyanın “Crvena Zvezda” klubunda 26 oyun keçirib və 9 qol vurub. Bu müddətdə o, müxtəlif klublara icarəyə verilib. 2005-2006 mövsümündə Belçikanın “Genk” klubunda meydana çıxdığı 33 oyunda 11 qol vuran Stoyanoviç bu komandalardan başqa karyerası ərzində Serbiyanın “Jelejnik”, “Novi Pazar”, “Mladost Apatin”, “Jedinstvo”, “Voyvodina”, “Javor”, Bosniya və Hersoqoviyanın “Leotar”, Belçikanın “Brüssel” və Rusiyanın “Luç-Energiya” klublarında top qovub.
