3 avqust 2012 13:23
Xəzər Lənkəran Kamran Ağayevi pulsuz buraxmayacaq
Transferə çıxarılmış futbol üzrə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevə görə onun məxsus olduğu “Xəzər Lənkəran”a hələlik heç bir müraciət daxil olmayıb. Azerisport.az xəbər verir ki, təcrübəli qolkiperin adı bir sıra klublarla yanaşı çəkilsə də, rəsmi səviyyədə danışıqlar aparan yoxdu.
Yeri gəlmişkən qeyd edək ki, “Xəzər Lənkəran” qapıçısını heç də pulsuz buraxmaq fikrində deyil. Belə ki, onu heyətində görmək istəyən klub buna görə bir qədər tərləməli olacaq. Amma cənub klubundan Kamrana görə nə qədər məbləğ tələb olunduğu konkret olaraq açıqlanmır.
Qeyd edək ki, Ağayev Polşanın “Lech” klubu ilə Avropa Liqasının oyunlardan sonra Rikardo Qomeş və Rendal Breneslə birgə transferə çıxarılmışdı. Öncə onunla “Bakı” və “Qəbələ”nin maraqlandığı bildirilsə də, paytaxt klubu rəsmi olaraq, Kamranı transfer etməyəcəyini bəyan etdi. Hazırda isə onun “Neftçi”yə transfer olunması gündəmdədi. Çünki “ağ-qaralar” da Çempionlar Liqasında İsrail çempionu “Hapoel”ə (Kiryat Şmona) məğlubiyyətdən dərhal sonra qapıçı Rauf Mehdiyevi, eləcə də müdafiəçilər Rail Məlikovla İqor Mitreskini transferə çıxarıb.
