3 avqust 2012 02:35
Klublarımızın qənimləri darmadağın oldular
Ötən gecə UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirildi. Azerisport.az xəbər verir ki, Avroliqanın cari mövsümündə çıxış edən klublarımızı - “Bakı”, “İnter” və “Xəzər Lənkəran”ı mübarizədən kənarlaşdıran komandalar da növbəti oyunlarına çıxıblar.
Belə ki, “Bakı”nın ardınca Sofiya CSKA-sının (Bolqarıstan) da qəniminə çevrilən Sloveniyanın “Mura” klubunu dayandıran tapılıb. Sloveniya təmsilçisi Ukraynada Kiyev “Arsenal”ına 0:3 hesabı ilə yenilib. Güman ki, ancaq möhkəm müdafiəsi ilə seçilən bu komanda cavab görüşündə heç bir sürprizə imza ata bilməyəcək. Xatırladaq ki, bu komanda “Bakı” ilə səfərdəki qolsuz heç-heçənin ardından doğma meydanda 2:0 hesablı qələbə ilə mərhələ adlamışdı. CSKA ilə oyunlara gəlincə, evdə qolsuz heç-heçə edən “Mura” səfərdə 1:1 hesablı heç-heçə sayəsində mərhələ adlamışdı.
“Xəzər Lənkəran”ı mübarizədən kənarlaşdırmış Polşa “Lech”i də darmadağına məruz qalıb. Bu komanda isə eyni hesabla (0:3) səfərdə İsveçin AİK klubuna uduzub. Qeyd edək ki, polşalılar “Xəzər Lənkəran”la səfərdə 1:1 hesablı heç-heçəyə imza atmış, evdə minimal hesabla qələbə qazanmışdı.
“İnter”ə penaltilər seriyasında qalib gələn Yunanıstanın “Asteras” klubu isə evdə Portuqaliya “Maritimo”su ilə sülh bağlayıb – 1:1. Lakin “Bakı” və “Xəzər Lənkəran”ın qənimləri kimi, güman ki, “bankirlər”i mübarizədən kənarlaşdıran yunanlar da Portuqaliya klubuna çətin səfərdə sürpriz bəxş edə bilməyəcək. Hansı ki, “İnter”lə hər iki oyunda 1:1 hesablı heç-heçəyə imza atdıqdan sonra penaltilərdə gülmüşdü – 4:2.
