4 avqust 2012 00:04
Başlayır!
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında yeni mövsümə start veriləcək. Azerisport.az xəbər verir ki, sayca 21-ci Azərbaycan çempionatının ilk turunun oyunları iki günə keçiriləcək.
Bəribaşdan qeyd edək ki, mövsümün ilk turu bir təxirəsalma ilə baş tutacaq. Belə ki, “Neftçi” – “Bakı” qarşılaşması son ölkə çempionunun Çempionlar Liqasındakı çıxışı ilə əlaqədar təxirə salınıb. Bu üzdən də bu turda yalnız beş görüş keçiriləcək.
Turun ilk oyun günündə öncə "Sumqayıt" – AZAL və "Kəpəz" - "Turan" görüşləri baş tutacaq. Hər iki oyun eyni saatda başlayacağından yeni mövsümə də məhz Sumqayıt və Gəncədə start veriləcəyini demək olar.
“Sumqayıt” – AZAL görüşünə maraq kifayət qədər yüksəkdi. Maraq üçün bildirək ki, hər iki klub mövsümlərarası fasilədə heyətində çoxlu dəyişikliklər edib. Vaqif Sadıqov bir aya yaxın müddət ərzində Türkiyədə həyata keçirilən təlim-məşq toplanışı çərçivəsində xeyli legioner futbolçu arasında seçim edərək, xoşuna gələnləri komandasına götürüb. Bundan əlavə o, yerli və gənc futbolçuları da “təyyarəçilər”in sıralarına cəlb edərək, demək olar ki, tam yeni bir komanda formalaşdırıb. Elə “Sumqayıt”da da az dəyişiklik olmayıb. Almaniyalı mütəxəssis Bernard Raab bu mövsüm gənclərlə çiyin-çiyinə oynamaq üçün bir neçə təcrübəli futbolçunu da komandasına cəlb edib. Məsələn, Aftandil Hacıyev, Sabir Allahquliyev, Emin Cəfərquliyev, Ceyhun Sultanov bu komandanın gücünə əlavə güc qatacaq. Eyni zamanda Almaniya və Türkiyə klublarından alınan Məhəmməd Əli Atam, Pərdis Fərcad-Azad, Taner Taktak, Murat Doymuş, “Anji”dən icarəyə götürülən Məhəmməd Mirzəbəyovdan da çox şey gözlənilir.
Tovuz və Gəncə klublarının üz-üzə gələcəyi qərb derbisi artıq indidən elitanın yeni mövsümünün iki autsayderinin görüşü kimi dəyərləndirilə bilər. Çünki hər iki klub rəqibləri ilə müqayisədə həm ciddi transferlər həyata keçirə bilməyib, həm də mövsümə hazırlıqları onlarınkı qədər yüksək səviyyədə olmayıb. “Turan”ın yeni mövsümə başlaması son ana qədər sual altında idi və bu komandanın yeni mövsümdə də elə ötən ilki kimi, xalpaylayan funksiyasını yerinə yetirəcəyi demək olar ki, şübhə doğurmur. Elə “Kəpəz”in də qarşısında yüksək hədəflərin olmaması ciddi uğur gözləməyə əsas vermir.
Nəhayət, ilk oyun gününün son görüşü olan "Simurq" - "Qəbələ" matçına da maraq az deyil. “Sumqayıt” kimi, ötən mövsümün digər uğursuzlarından olan Zaqatala təmsilçisi də bu il heyətinə ciddi şəkildə əl gəzdirib. Avstriyada hazırlıq keçən Georgi Çixradzenin komandası heyətini daha çox əcnəbi futbolçularla gücləndirib. İndi yeni futbolçulardan qurulan bu komandanın növbəti mövsümə nə dərəcədə iddialı başlayacağını elə ilk oyundan etibarən görə bilərik. Elə oyunun doğma meydanda keçirilməsi də “Simurq” üçün əlavə üstünlükdü. “Qəbələ” transfer bazarında o qədər də fəal olmasa da, hər halda heyətini qorumaqla yanaşı, bəzi mövqelərə yeni oyunçular da alıb. Fatih Kavlakın komandasına cəlb etdiyi Deyan Kelhar, Dieqo Kosta da Silva, Omar Kalabane və Lorival Assis “Qəbələ”nin bu mövsüm daha iddialı çıxışına töhfə verə bilər.
Turun qalan iki görüşü isə bazar günü oynanılacaq. Ötən mövsümün gümüş mükafatçısı "Xəzər Lənkəran" yeni mövsümdəki ilk sınağını "Rəvan"la görüşdə verəcək. “Ağ-yaşıllar”ın Avropa Liqasındakı uğursuzluğu nə dərəcədə unutduğu bu oyunda məlum olacaq. Sözügedən uğursuzluqla yanaşı, bir müddət öncə komandanın lideri Kamran Ağayevin, eləcə də Rikardo Qomeşlə Rendal Brenesin transferə çıxarılmasının da digər futbolçulara nə dərəcədə təsir etdiyi “Rəvan”la görüşdə özünü göstərə bilər. Amma bu oyunda Yunis Hüseynovun komandası ilə yanaşı, paytaxt klubunun da çıxışı xüsusi diqqət mərkəzində olacaq. Məlum olduğu kimi, bu komandanı yeni mövsümdə türkiyəli Gülər Cavad çalışdıracaq. Ötən mövsüm sərgilədiyi hücum futbolu, baxımlı oyunla çoxlarının könlünə yol tapan “sarı-qırmızılar”ın türkiyəli çalışdırıcının rəhbərliyi altında necə təsir bağışlayacağı maraqla gözlənilir. Bundan əlavə hər kəs üçün sürpriz olacaq “Rəvan”ın yeni transferlərinin çıxışı da xüsusi diqqət mərkəzində olacaq.
Turun mərkəzi görüşündə isə "İnter"lə "Qarabağ" qarşılaşacaq. Son mövsümdə bu komandalar arasında gərgin mübarizə getmiş və sonda “bankirlər” Ağdam təmsilçisini cəmi 3 xal qabaqlayaraq, Avropa Liqasına vəsiqəyə sahib çıxmışdı. Qurban Qurbanovun komandası isə heç kimin gözləmədiyi şəkildə, son illərdə ilk dəfə qitə miqyaslı turnirlərdən kənar qalmışdı. Lakin bu mövsüm ağdamlılardan daha böyük uğurlar gözlənilir. Hətta bu yay yaxşıca istirahət edib, əla hazırlıq keçən, heyətinə əl gəzdirən bu komandanın çempion olacağını proqnozlaşdıranlar da var. Elə “İnter” də yeni mövsümdə əsas iddialılardan biri olacaq. Komandanın yayda həyata keçirdiyi səs-küylü transferlər də belə deməyə əsas verir.
Premyer Liqa
1-ci tur
4 avqust (şənbə)
Sumqayıt - AZAL
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Sumqayıt. Mehdi Hüseynzadə adına stadion. Saat 18:30.
Kəpəz - Turan
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Səfər Haşımov.
Gəncə. Şəhər stadionu. Saat 18:30.
Simurq - Qəbələ
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Şahin Cəfərov.
Zaqatala. Şəhər stadionu. Saat 19:00.
5 avqust (bazar)
Rəvan - Xəzər Lənkəran
Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Rahil Ramazanov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı. "Dalğa Arena". Saat 20:00.
İnter - Qarabağ
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Elman Musayev, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. "AZAL Arena". Saat 20:00.
