4 avqust 2012 12:01
Premyer Liqa, 1-ci tur: Mehman Allahverdiyevin proqnozu
“Kəpəz”in sabiq baş məşqçisi Mehman Allahverdiyev azerisport.az saytına müsahibəsində Premyer Liqanın 1-ci turunun oyunları ilə bağlı proqnozlarını açıqlayıb.
Sumqayıt – AZAL
Nəzərə alsaq ki, “Sumqayıt” evdə oynayır, fikrimcə bu komandanın ən azı bir xal qazanmaq şansları pis deyil. Həm AZAL, həm də “Sumqayıt” xeyli yaxşı oyunçular transferi edib. Hər iki komanda üçün ilk oyun heç də asan olmayacaq. Mən heç-heçə olacağını düşünürəm.
Simurq – Qəbələ
Mövsümün startı ərəfəsində “Qəbələ” bir neçə yoxlama oyunu keçirdi ki, onların hamısında məğlub oldu. Əlbəttə, çempionat oyunları yoxlama görüşlərindən fərqlənir. Onlar yəqin ki, hələ özlərini göstərəcəklər. “Simurq” da bu yay yaxşı transferlər həyata keçirib. Düzdü, “Qəbələ”ni Zaqatala klubundan daha güclü hesab edirəm. Amma bu oyunda “Simurq”un doğma meydan amilindən yararlanıb, qalib gələcəyini düşünürəm.
Kəpəz – Turan
Bu komandalardan heç biri yay dövründə ciddi transferlər həyata keçirməyib. Amma “Kəpəz”lə “Turan” arasındakı oyunlar həmişə prinsipial xarakter daşıyıb. Görüşün nəticəsini öncədən proqnozlaşdırmaq çox çətindi. Baxmayaraq ki, “Kəpəz”in qalib gəlmək şanslarını daha yüksək qiymətləndirirəm. Amma bu, ilk turdu. Ona görə də tovuzlular güman ki, müdafiədən oynayacaqlar. Böyük ehtimalla heç-heçə olacaq.
Rəvan – Xəzər Lənkəran
“Xəzər Lənkəran”ın bütün problemlərinə rəğmən, bu oyunda qələbə qazanacağını düşünürəm. Bu oyun ərəfəsində əsas qapıçısı da daxil olmaqla üç futbolçusunu transferə çıxarması bu oyunun nəticəsinə ciddi təsir etməməlidi. Çünki “Rəvan”ın hazırda o dərəcədə güclü komanda olduğunu düşünmürəm ki, cənubluları məğlub etsin.
İnter – Qarabağ
Bu oyunda da “Qarabağ”ı üstün sayıram. Düzdü, “İnter” avrokuboklarda yaxşı oyun sərgilədi. Amma əvvəllər də “bankirlər”in Ağdam klubu ilə oyunlarının alınmadığının şahidi olmuşuq. Buna görə də yenə “Qarabağ”ın qalib gələcəyini düşünürəm.
