4 avqust 2012 00:15
Yığmamızın hücumçusu Sumqayıt ilə müqavilə imzaladı
Futbol üzrə Azərbaycan millisinin üzvü Murad Hüseynov özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, milliləşdirilmiş oyunçu karyerasını “Sumqayıt”da davam etdirəcək.
“Qəbələ”nin transferə çıxardığı hücumçu ötən gün gənclik şəhəri təmsilçisi ilə müqavilə bağlayıb. Anlaşmaya əsasən o, qarşıdakı bir ildə “Sumqayıt”ın formasını geyinəcək.
Qeyd edək ki, Murad 2011-2012-ci illərdə “Qəbələ”də keçirdiyi 24 oyunda 4 qol vurub. 23 yaşlı futbolçu “Qəbələ”yə Serbiyanın “Mladost” (Lukani, 2009-2011, 14 oyun, 1 qol) klubundan gəlib. Əvvəllər o, “Anji”nin əvəzedici komandasında (2006-2007, 22 oyun, 5 qol), “Şinnik” (Yaroslavl, 2008) və “Şeksna” (2008, 13 oyun) klublarında çıxış edib. Milli komandamızda 4 oyun keçirən Murad 1 qol vurub.
