5 avqust 2012 22:33
Qurban Qurbanov: Biz ölkənin ən güclü komandalarından olan rəqibə qarşı oynayırdıq
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 1-ci turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Biz hazırda ölkənin ən güclü komandalarından olan rəqibə qarşı oynayırdıq. “İnter” avrokuboklarda yaxşı oynadı. Baxmayaraq ki, ikinci təsnifat mərhələsini keçmək onlara nəsib olmadı. Biz mövsümə qələbə ilə başlamağı çox istəyirdik. Amma son dəqiqələrdə buraxdığımız qol hər şeyi korladı. İkinci hissədə komandamın oyununda bəzi çatışmazlıqların şahidi oldum. Onları aradan qaldırmaq lazımdı. Fikrimcə, bu gün pis əks-hücum etmirdik. Bütövlükdə, yaxşı oyun alındı. Hələlik rəqiblərimizi tam yaxşı tanımırıq. Çünki heyətlərdə çoxlu dəyişikliklər olub. Buna görə də qarşıdakı turlarda çətin olacaq”.
