5 avqust 2012 23:34
Cavad Gülər: Azarkeşlər daha gözəl oyun izləyə bilərdilər
“Rəvan”ın baş məşqçisi Cavad Gülər Premyer Liqanın 1-ci turunun “Xəzər Lənkəran” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin türkiyəli çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Azarkeşlərə, futbolçulara, məşqçilərə, hakimlərə - hamıya uğurlar arzulayıram. Rəqibimizin Avropa Liqasındakı oyunlarını izlədik. Ancaq cari mövsümdə Premyer Liqada ilk oyunumuz olduğu üçün çətin keçdi. Erkən vurduğumuz qolu qoruya bilmədik. Oyunun bəzi anlarında “Xəzər Lənkəran” bizdən üstün oyun nümayiş etdirirdi. Bu gün azarkeşlər daha gözəl oyun izləyə bilərdilər. Ancaq ilk qarşılaşma olduğu üçün bəzi çatışmamazlıqlar hiss olunurdu. İlk oyunda ötən mövsümün gümüş mükafatçı ilə qarşılaşmadan bir xal ilə ayrılmaq da qənaətbəxş hesab oluna bilər. Rəqib komandaya uğurlar arzulayıram”.
