7 avqust 2012 16:54
İmamverdiyev: Azarkeşlərin güclü dəstəyi ilə bunu bacaracağımıza inanıram
“Neftçi”nin futbolçusu Cavid İmamverdiyev UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsrail çempionu “Hapoel”ə (Kiryat Şmona) qarşı keçirəcəkləri cavab matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutacaq qarşılaşma ilə bağlı bunları dilə gətirib:
"Hapoel" ilə səfər matçında imkanlarımızdan çox zəif çıxış etdik. Müdafiədə buraxdığımız kobud səhvlər qapımıza vurulan 4 qolla nəticələndi. İstənilən halda məğlubiyyətlə barışmaq fikrimiz yoxdu. Cavab qarşılaşmasında əlimizə düşəcək qol imkanlarından maksimum yararlana bilsək, vəziyyəti xeyrimizə dəyişə bilərik. Azarkeşlərin də güclü dəstəyi ilə bunu bacaracağımıza inanıram".
Qeyd edək ki, bu komandalar arasında avqustun 1-də Hayfa şəhərində keçirilən ilk oyunda “Hapoel” 4:0 hesabıyla qalib gəlmişdi. Cavab qarşılaşması isə avqustun 8-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Oyun saat 21:00-da start götürəcək.
