7 avqust 2012 19:46
İsraillilər Dalğa Arenanı xüsusi öyrədilmiş itlə yoxladılar
Məlum olduğu kimi, bu gün Bakıda, bir qədər də dəqiqləşdirsək “Dalğa Arena”da İsrailin “Hapoel” (Kiryat Şmona) klubunun baş məşqçisi Gil Landu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Neftçi” ilə cavab oyunu öncəsi mətbuat konfransı keçirəcək, ardından isə komandasını son məşqə çıxaracaq. Azerisport.az xəbər verir ki, bu məqsədlə sözügedən arenanın ətrafında təhlükəsizlik işləri gücləndirilib.
Belə ki, qonaq komandanın təhlükəsizliyini təmin etmək məqsədilə hətta jurnalistlər də xüsusi yoxlanışdan sonra arenaya buraxılırlar. Bunun üçün akkreditasiya ilə kifayətlənməyən təhlükəsizlik işçiləri onları siyahıya da alır. Bu üzdən mətbuat işçiləri 15 dəqiqə gözlədikdən sonra arenaya buraxılırlar. Təhlükəsizlik işçilərinin böyük əksəriyyəti isə İsrail komandasını qorumaqla məşğuldu.
Bütün bunlar azmış kimi, “Dalğa Arena”ya komanda ilə birgə İsrailin Təhlükəsizlik Xidmətinin nümayəndələri də təşrif buyurublar. Belə ki, onlar xüsusi öyrədilmiş itlərlə sözügedən arenanın hər tərəfini yoxlayırlar. Onlar hətta “Neftçi”nin paltardəyişmə otağına qədər bu yoxlamaları aparıblar. Bu isə Azərbaycan klubunun rəhbərliyinin kəskin narazılığına səbəb olub. Bununla bağlı qarşı tərəfə də narazılıq çatdırılıb.
Maraq üçün xatırladaq ki, bu klublar arasında İsraildə keçirilən ilk oyunda meydan sahibləri 4:0 hesabıyla qalib gəlmişdilər. Cavab görüşü isə sabah "Dalğa Arena"da keçiriləcək və saat 21:00-da başlayacaq.
