7 avqust 2012 20:44
“Mərhələ adlaya bilməsək də, Hapoeli məğlub etmək istəyirik”
Azərbaycan çempionu “Neftçi”nin yeni kapitanı Rəşad Sadiqov UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsrail çempionu “Hapoel”ə (Kiryat Şmona) qarşı keçirəcəkləri cavab matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutacaq qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“İlk oyunun nəticəsinə baxmayaraq, cavab qarşılaşmasına ciddi hazırlaşırıq. Hətta mərhələ keçə bilməsək də, istənilən halda qələbə qazanmaq istəyirik. Ən azından Avropa Liqasına yaxşı əhval-ruhiyyə ilə yollanacağıq. Hələ Avropa Liqasında güclü və ya zəif rəqiblə düşəcəyimiz də bəlli deyil. İstənilən halda biz qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik”.
