7 avqust 2012 21:00
“Neftçidən qorxmuruq”
İsrail çempionu “Hapoel”in (Kiryat Şmona) baş məşqçisi Gil Landu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri cavab matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutacaq qarşılaşma öncəsi bunları dilə gətirib:
“Azərbaycana gəldiyim üçün şadam. İlk oyundakı qələbədən sonra eyni uğuru cavab matçında da təkrarlamaq istəyirik. Bilirik ki, “Neftçi” daha yaxşı oyun sərgiləyə bilir. Bakılıların “Zestafoni”yə qarşı ilk oyunlarını da izləmişik. Rəqibdən qorxmuruq. Amma hörmətlə yanaşırıq. Bizə pley-off mərhələsinə çıxmaq üçün bir qol da bəsdi. Evə qələbə ilə qayıdacağımıza ümid edirik”.
Qeyd edək ki, bu komandalar arasında avqustun 1-də Hayfa şəhərində keçirilən ilk oyunda “Hapoel” 4:0 hesabıyla qalib gəlmişdi. Cavab qarşılaşması isə sabah - avqustun 8-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Oyun saat 21:00-da start götürəcək.
