8 avqust 2012 13:45
Azərbaycan yığması FİFA reytinqində yerini qorudu
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, Berti Foqtsun çalışdırdığı Azərbaycan millisi ötən ay yer aldığı mövqeyində sayıb.
Belə ki, Azərbaycan milli komandası hazırda yenə 108-ci pillədə qərarlaşıb. Yığmamızın hesabında 308 reytinq xalı var.
Bir neçə gün sonra Bakıda millimizin qonağı olacaq Bəhreyn yığması bir pillə irəliləməyə nail olub. Rəqibimiz hazırda 331 xalla 102-cidi.
Yığmamızın DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərinə gəlincə, Portuqaliya yığması yerində sayıb. Portuqaliyalılar hazırda 1213 xalla 5-ci pillədə qərarlaşıblar. Rusiya yığması iki pillə irəliəyib. Qonşu ölkə təmsilçisi indi 1016 xalla 11-ci yerdə qərarlaşıb. İsrail də yerində sayıb. Bu komanda 427 xalla 82-ci yerdə gedir. Şimali İrlandiya 1 pillə irəliləyib - 336 xalla 101-ci yer. Lüksemburq da əvvəlki mövqeyində qalıb. “Cırtdan ölkə” yığması 303 xalla 110-cu pillədədi.
İlk onluqda elə də ciddi yerdəyişmələr yoxdu. Avropa çempionatının qalibi İspaniya 1-ci pillədəki mövqeyini qoruyub (1605 xal). AÇ-2012-nin yarımfinalında uduzan Almaniya 2-ci pillədə qalıb (1474 xal). İngiltərə ilə Uruqvay yer dəyişiblər. İngiltərə 1294 xalla üçüncü yerə çıxıb. Əvəzində Uruqvay 4-cü yerə düşüb (1236 xal). Bundan başqa ilk onluqda Portuqaliya (1213 xalla beşinci), İtaliya (1192 xalla altıncı), Argentina (1098 xalla yeddinci), Hollandiya (1053 xalla səkkizinci), Xorvatiya (1050 xalla doqquzuncu) və Danimarka (1017 xalla onuncu) yer alıb.
Növbəti reytinq cədvəli sentyabrın 5-də açıqlanacaq.
