8 avqust 2012 16:12
İsrail mətbuatı: Azərbaycan çox xoşagəlməz yerdi
İsrail mətbuatı bu ölkənin çempionu “Hapoel”in (Kiryat Şmona) UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəyi cavab matçı ilə bağlı müxtəlif müzakirələr aparmaqda davam edir. Azerisport.az xəbər verir ki, israilli həmkarlarımız xüsusilə həmyerlilərinin Bakıdakı təhlükəsizlik məsələlərini daha çox diqqət mərkəzində saxlamaqdadı.
Bu barədə məqamlara toxunarkən onlar hətta Azərbaycanın xoşagəlməz ölkə olduğunu da iddia ediblər: “İranla qonşu olmasını nəzərə alsaq, təhlükəsizlik baxımından Azərbaycan çox xoşagəlməz yerdi. Bununla yanaşı bir müddət öncə İsrailin Azərbaycandakı səfirliyinə qarşı sui-qəsd hazırlanmışdı. Bununla əlaqədar “Hapoel” üçün əlavə təhlükəsizlik işçiləri ayrılıb. Adətən komandanı 3-4 nəfər müşaiyət edirdisə, indi onların sayı ikiqat artırılıb”.
Məlumatda bildirilir ki, təhlükəsizlik xidməti hətta komandanın üzvlərinə özlərini necə aparmaq lazım olduğunu da başa salıblar: “Bizə başa saldılar ki, üzərində ivrit dilində yazılmış paltarla küçəyə çıxmayaq. Bir hadisə olacağı halda isə dərhal paltardəyişmə otağına qaçmalıyıq. İstənilən vəziyyətə hazır olmalıyıq” – deyə komandanın üzvlərindən biri jurnalistlərə açıqlamasında bildirib.
“Hapoel”in legionerləri isə belə bir təhlükənin olmasından təəccüblərini dilə gəiriblər. Klubun baş direktoru Yosi Ederi bununla bağlı açıqlamasında deyib: “Bütün xəbərdarlıqları eşidəndə, onlar çox təəccübləndilər. Amma biz onları sakitləşdirməyə çalışdıq. Çünki təhlükəsizlik üçün hər bir şey edilib. Onların sakit oynaması üçün hər şeyi edirik”.
Qeyd edək ki, bu komandalar arasında avqustun 1-də Hayfa şəhərində keçirilən ilk oyunda “Hapoel” 4:0 hesabıyla qalib gəlmişdi. Cavab qarşılaşması isə bu gün Bakıda, “Dalğa Arena”da keçiriləcək və saat 21:00-da start götürəcək.
