8 avqust 2012 11:15
“Bizim Bakıda heç nədən qorxumuz yoxdu”
İsrail çempionu “Hapoel”in (Kiryat Şmona) futbolçusu Adrian Roçet UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri cavab matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutacaq qarşılaşma ərəfəsində öncə bunları dilə gətirib:
“Biz evdə əla nəticəyə imza atmışıq. Amma bu, səfər oyununda arxayınlaşmağımıza əsas vermir. Oyuna sakit yanaşırıq. Hesab edirəm ki, “Neftçi” bizə problem yarada biləcək rəqibdi. Baxmayaraq ki, ilk oyunda imza atdığımız möhtəşəm nəticə bizə hər şeyi sakit qəbul etməyə imkan yaradır”.
Roçetin sözlərinə görə, Bakıdakı oyun komandasında özünəinamı artırmaq baxımından önəm daşıyır: “Mən deməzdim ki, Bakıdakı oyunda bizə qələbə hava su-kimi lazımdı. Amma özünəinamı artırmaq baxımından bu, heç də pis olmazdı. İstənilən halda bizi qarşıda Çempionlar Liqasının pley-off oyunları gözləyir. Orda isə daha güclü rəqiblərlə qarşılaşacağıq”.
İsrail mətbuatı Azərbaycanda təhlükəsizlik məsələlərini də çox qabardır. Çünki İsraillə İran arasındakı münasibətlərin sərinliyi onları hətta Bakıda da ehtiyatlı olmağa vadar edir. “Hapoel”in lideri bu barədə sualı belə cavablandırıb: “Düşünmürəm ki, nəsə problem olsun. Bizim Bakıda heç nədən qorxumuz yoxdu. Əgər bu qədər yolu qət etmişiksə, bundan həzz almaq lazımdı. Həm də Azərbaycanda İsrail komandaları çox tez-tez oynayırlar və heç vaxt hansısa problemlə üzləşməyiblər”.
Qeyd edək ki, bu komandalar arasında avqustun 1-də Hayfa şəhərində keçirilən ilk oyunda “Hapoel” 4:0 hesabıyla qalib gəlmişdi. Cavab qarşılaşması isə bu gün Bakıda, “Dalğa Arena”da keçiriləcək. Oyun saat 21:00-da start götürəcək.
