8 avqust 2012 00:11
“Neftçi ilə cavab matçında hər şey baş verə bilər”
İsrail çempionu “Hapoel”in (Kiryat Şmona) futbolçusu Barak Badaş UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri cavab matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutacaq qarşılaşma öncəsi bunları dilə gətirib:
“Cavab oyununda hər şey baş verə bilər. Arxayınlaşmaq olmaz. Bizi çətin oyun gözləyir. İlk oyunda böyük hesabla qalib gəlməyimizə baxmayaraq, cavab görüşünə ciddi yanaşırıq. Rəqibə hörmətimiz var”.
Qeyd edək ki, bu komandalar arasında avqustun 1-də Hayfa şəhərində keçirilən ilk oyunda “Hapoel” 4:0 hesabıyla qalib gəlmişdi. Cavab qarşılaşması isə bu gün “Dalğa Arena”da keçiriləcək və saat 21:00-da start götürəcək.
