9 avqust 2012 14:22
“Hələlik qrup mərhələsi barədə düşünmürük, Neftçi üzərində qələbəni bayram edirik”
İsrail çempionu “Hapoel”in (Kiryat Şmona) baş direktoru Yossi Ederi UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri cavab matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan qarşılaşmadan sonra bunları dilə gətirib:
“Biz çox şadıq ki, belə bir uğur qazanmaqla tarix yaza bildik. Biz “Neftçi” ilə oyunlarda 180 dəqiqənin sonuna kimi döyüşdük. Hazırda qrup mərhələsi barədə düşünmək istəmirik. Hələlik yalnız pley-off mərhələsinə çıxmağımızı bayram edirik. Bundan sonra növbəti mərhələ haqda da düşünərik”.
Qeyd edək ki, bu komandalar arasında avqustun 1-də Hayfa şəhərində keçirilən ilk oyunda “Hapoel” 4:0 hesabıyla qalib gəlmişdi. Cavab qarşılaşmasında isə 2:2 hesablı heç-heçə qeydə alındı.
