9 avqust 2012 16:26
Mircavadov: Neftçi hesabı açan kimi ikinci qolu vursaydı, hər şey başqa cür ola bilərdi
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov “Neftçi”nin UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsrail çempionu “Hapoel”ə (Kiryat Şmona) qarşı cavab matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“İlk oyunda olduğu kimi, Bakıdakı qarşılaşmada da rəqib “Neftçi”nin oxşar səhvlərindən istifadə edib, qollar vurdu. Mən düşünürdüm ki, “Hapoel” ikinci oyunda o qədər də ciddi müqavimət göstərməyəcək. Fikrimcə, “Neftçi” ilk qolun ardınca dərhal ikincini də vura bilsəydi, hər şey başqa cür ola bilərdi. Amma əvəzində müdafiənin buraxdığı səhv rəqibin hesabı bərabərləşdirməsi ilə nəticələndi. İndi biz Avropa Liqasının pley-off mərhələsinin püşlatmasını gözləməyə məcburuq. “Neftçi”yə inanıram və hesab edirəm ki, komanda uğur qazanacaq gücdədi”.
Qeyd edək ki, bu komandalar arasında avqustun 1-də Hayfa şəhərində keçirilən ilk oyunda “Hapoel” 4:0 hesabıyla qalib gəlmişdi.
