9 avqust 2012 16:48
“Növbəti rəqib Neftçidən də güclü olacaq”
İsrail çempionu “Hapoel”in (Kiryat Şmona) kapitanı Adrian Roxet UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri cavab matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan qarşılaşmadan sonra öncə bunları dilə gətirib:
“Çox çətin oyun oldu. Amma hər şeyə rəğmən, biz məğlubiyyətdən qaça bildik və heç-heçəyə nail olduq. Çox şadam ki, növbəti mərhələyə vəsiqə qazana bildik. Biz komandamız üçün yeni tarix yazmağı bacardıq”.
Kapitanın sözlərinə görə, “Neftçi” Bakıda tamamilə fərqli oyun sərgiləyib: “Neftçi” evdə İsraildəkindən daha yaxşı oyun sərgilədi. Biz isə ilk oyunda qazandığımız qələbəni nəzərə alaraq, özümüzü o qədər də yormamağa çalışırdıq. Sadəcə, arxayınlaşmamaq lazım idi. Şadam ki, hər şeyi ciddiyə aldıq və Bakıda məğlub olmadıq”.
“Hapoel”in lideri pley-off mərhələsindən də danışıb: “Çempionlar Liqasının qrup mərhələsinin bir addımlığındayıq. Belə bir uğura imza atdığımız üçün hisslərimi ifadə etməyə söz tapa bilmirəm. Güman ki, növbəti mərhələ zamanı atmosfer daha da möhtəşəm olacaq. Unutmamalıyıq ki, pley-off mərhələsindəki rəqibimiz “Neftçi”dən də güclü olacaq”.
Buna baxmayaraq, o, ÇL-in qrup mərhələsinə vəsiqə qazanacaqlarına da ümidlidi: “Bu inanılmaz uğurlarımızın davamının gələcəyinə ümidliyəm. Biz ÇL-in qrup mərhələsinə vəsiqə qazanmaq arzumuza da çata bilərik. Kiçik istirahətdən və pley-off mərhələsindəki rəqibimizi tanıdıqdan sonra, dərhal bu oyunların hazırlığına başlayacağıq”.
Qeyd edək ki, bu komandalar arasında avqustun 1-də Hayfa şəhərində keçirilən ilk oyunda “Hapoel” 4:0 hesabıyla qalib gəlmişdi. Bakıdakı cavab qarşılaşması isə 2:2 hesabıyla başa çatdı.
