10 avqust 2012 13:33
UEFA-dan Neftçiyə 280 min avro
Azərbaycan çempionu “Neftçi” Çempionlar Liqasındakı çıxışına görə UEFA-dan 280 000 avro alacaq. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin ikinci və üçüncü təsnifat mərhələsindəki çıxışına görə yalnız bu qədər qazanc əldə edə bilib.
Qeyd edək ki, qitə futbol qurumu bu turnirin ilk üç təsnifat mərhələsində çıxış edən klublara hər mərhələ üçün 140 min avro ayırır. “Neftçi” isə iki mərhələdə iştirak etdiyi üçün, müvafiq məbləği təmin edib.
Maraq üçün xatırladaq ki, “Neftçi” ÇL-in ikinci təsnifat mərhələsindən mübarizəyə başlamışdı. Bu mərhələdə Gürcüstan “Zestafoni”si ilə qarşılaşan təmsilçimiz ilk oyunda 3:0 qalib gəlmiş, cavab görüşündə 2:2 hesablı heç-heçə ilə mərhələ adlamışdı. Üçüncü təsnifat mərhələsində isə İsrail çempionu “Hapoel” (Kiryat Şmona) “ağ-qaralar”ın yolunu kəsdi. İlk oyunda 0:4 uduzan “Neftçi” Bakıda da yalnız 2:2 hesablı heç-heçəyə nail ola bildi.
Lakin bu uğursuzluğa rəğmən, “Neftçi” hələ avrokuboklardakı çıxışını davam etdirir. Paytaxt klubu Avropa Liqasının pley-off mərhələsində mübarizə aparmaq şansına malikdi. Bu gün bəlli olacaq rəqibini keçəcəyi halda “ağ-qaralar” qrup mərhələsinə vəsiqə qazana bilər. Bu turnirdəki çıxışı isə “Neftçi”nin UEFA-dan alacağının bir qədər də artıq olacağını deməyə əsas verir.
