10 avqust 2012 02:32
Bakının qənimindən daha bir sürpriz, Asterasla Lech dayandı
Ötən gecə UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin cavab oyunları keçirildi. Azerisport.az xəbər verir ki, Avroliqanın cari mövsümündə çıxış edən klublarımızı - “Bakı”, “İnter” və “Xəzər Lənkəran”ı mübarizədən kənarlaşdıran komandalar da növbəti oyunlarına çıxıblar.
“Bakı”nın ardınca Sofiya CSKA-sının (Bolqarıstan) da qəniminə çevrilən Sloveniyanın “Mura” klubu bu dəfə də sürprizə imza atıb. Məlum olduğu kimi, Sloveniya təmsilçisi Ukraynada keçirilən ilk oyunda Kiyev “Arsenal”ına 0:3 hesabı ilə yenilmişdi. Amma heyətində cəzalı futbolçunu oynatdığına görə, “Arsenal”a texniki məğlubiyyət verilmişdi. Möhkəm müdafiəsi ilə seçilən “Mura” belə bir “hədiyyə”dən maksimum yararlanıb. Belə ki, bu komanda cavab görüşündə ciddi müdafiə olunaraq, qapısından yalnız iki qol buraxıb və ümumi hesabda üstün tərəf kimi mərhələ adlayıb.
Xatırladaq ki, bu komanda “Bakı” ilə səfərdəki qolsuz heç-heçənin ardından doğma meydanda 2:0 hesablı qələbə ilə mərhələ adlamışdı. CSKA ilə oyunlara gəlincə, evdə qolsuz heç-heçə edən “Mura” səfərdə 1:1 hesablı heç-heçə sayəsində mərhələ adlamışdı.
“Xəzər Lənkəran”ı mübarizədən kənarlaşdırmış Polşa “Lech”i bu dəfə qələbə qazanıb. Amma İsveçin AİK klubu üzərindəki minimal hesablı qələbə səfərdəki darmadağının (0:3) əvəzini çıxmaq üçün yetərli olmayıb. Beləcə, bu komanda pley-off mərhələsinə vəsiqə qazana bilməyib. Qeyd edək ki, polşalılar “Xəzər Lənkəran”la səfərdə 1:1 hesablı heç-heçəyə imza atmış, evdə minimal hesabla qələbə qazanmışdı.
“İnter”ə penaltilər seriyasında qalib gələn Yunanıstanın “Asteras” klubu isə səfərdə Portuqaliya “Maritimo”su ilə sülh bağlayıb – 0:0. Lakin yunanlar doğma meydanda qollu heç-heçəyə razılaşdığından mübarizəni dayandırmalı olublar. Qeyd edək ki, bu komanda “İnter”lə hər iki oyunda 1:1 hesablı heç-heçəyə imza atdıqdan sonra penaltilərdə gülmüşdü – 4:2.
