12 avqust 2012 01:28
Millimizin forvardı oynamadan qələbəyə sevindi (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərovun şərəfini qoruduğu “Metallurg” Latviya çempionatında növbəti matçını keçirib. Azerisport.az xəbər verir ki, Liepaya klubu ölkə çempionatının 22-ci turu çərçivəsində “Spartak” ilə görüşüb.
Qarşılaşma doğma meydanda keçirilirdi. Buna görə də liepayalılar mütləq qələbə qazanmağı hədəfləmişdilər. Onlar bu istəklərinə çatıblar. Lelyuqanın 38 və 43-cü dəqiqələrdə vurduğu iki qol qələbə üçün yetərli olub. Qonaqlar isə sadəcə 90+3-cü dəqiqədə təsəlli qoluna imza atmaqdan başqa heç nə edə bilməyiblər.
Təəssüf ki, son oyunlarda olduğu kimi, millimizin hücumçusu bu oyunda da iştirak etməyib. O, oyunu sona qədər ehtiyat oyunçular skamyasından izləməli olub. Əvəzində onun yeni komanda yoldaşları - “Qəbələ”nin sabiq qapıçısı Pavel Doroşev və “İnter”dən gedən Girt Karlson 90 dəqiqə meydanda olublar.
Qeyd edək ki, hazırda Liepaya klubu 21 oyundan sonra 38 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və ehtiyatda bir oyunu var.
Latviya çempionatı
22-ci tur
11 avqust
Metallurg – Spartak – 2:1
