12 avqust 2012 15:08
Bakı daha bir yunanıstanlı hücumçu transfer edir (FOTO)
“Bakı” daha bir yunan hücumçu alır. Azerisport.az xəbər verir ki, bu, Dimitris Sialmasdı.
Yunanıstan mətbuatının məlumatına görə, Azərbaycan klubu Sialmasa 300 min avro təklif edib. Onun illik maaşı 140 min avro olacaq. Amma mükafatlarla birgə bu məbləğ 200 min avroya qədər yüksələ bilər.
Lakin hələlik onun müqavilə məxsus olduğu Yunanıstanın AEK klubu hücumçusunu buraxmaq haqda yekun qərarını verməyib. Hər şeyə gələn həftə aydınlıq gəlməlidi.
Maraq üçün qeyd edək ki, 1986-cı ildən anadan olan Sialmasın ilk peşəkar klubu 2005-2006 mövsümündə çıxış etdiyi “Ethnikos Asteras” klubu olub. 2006-2008-ci illər aralığında isə o, “Panionios”un şərəfini qoruyub (24 oyun, 6 qol). 2008-2009 mövsümündə “Ethnikos Piraeus”da 18 oyun keçibi, 7 qola imza atıb. 2009-cu ildə isə onu “PAS Giannina” transfer edib. Sialmas 2011-ci ilə qədər çıxış etdiyi bu komanda 35 oyun keçirib, 18 qol vurub. Həmin müddətdə o, icarə əsasında “Olympiakos”da da oynayıb – 9 oyun, 3 qol. Son klubu AEK-də isə 20 oyun keçirib, 4 qola imza atıb.
“Bakı” bir müddət öncə Sialmasdan öncə daha bir hücumçu almışdı. Bu, Yunanıstan yığmasında da çıxış etmiş Vangelis Mantsiosdu.
