13 avqust 2012 14:58
SOCAR Türkiyə futbol çempionatına sponsorluq edə bilər
Futbol üzrə Türkiyə çempionatının birinci liqasının titul sponsoru SOCAR ola bilər. Azerisport.az xəbər verir ki, bu barədə Vatan” qəzeti xəbər yayıb.
Xəbərdə bildirilir ki, TFF birinci liqanın yayım hüququna malik TRT şirkəti “Bank Asya”nın imtinasından sonra yeni titul sponsoru tapmaq üçün fəaliyyətə başlayıb. “Bank Asya” sponsorluq üçün ildə 10 milyon lirə ödəyib. TRT daha çox pul vermək iqtidarında olan şirkətlə anlaşmaq məqsədilə bir çox bank, telekommunikasiya, energetika şirkətləri və holdinqlərə müraciət edib. Teleşirkət sponsorluq etmək istəyən qurumdan təqribən 2 qat artıq - 18 milyon lirə (10 milyon dollar) istəyir. Səbəb “Bank Asya”nın birinci liqaya sponsorluq etdiyi 1 il ərzində uğur qazanmasıdı. Mümkün namizədlər arasında “Türk Telekom”, “Halk Bank”, “Vakıflar Bankası” və SOCAR-ın adı çəkilir.
TRT-nin reklam şöbəsinin müdiri Altan Bahadır deyib: “TFF birinci liqa yalnız TRT kanallarında yayımlanmır. Anadolunun 18 komandasının yer aldığı çempionatda 311 matç keçiriləcək. Hər turun 9 matçından 5-i TRT1, TRT Spor, TRT HD və TRT Avaz vasitəsilə yayımlanacaq. Qalan 4 oyunun isə regional telekanallarla yayımlanması üçün müqavilə bağlayacağıq. Oyunları minlərlə azarkeş stadionda, milyonlarla insan isə evdə izləyəcək”.
