13 avqust 2012 18:44
22-ci kapitan, 71-ci qoleador, 138-ci futbolçu
Premyer Liqanın 2-ci turunda “İnter”i 1:0 hesabı ilə məğlub edən “Qəbələ” ötən ilki startını təkrarladı. Azerisport.az xəbər verir ki, 1 il əvvəl də ilk turda heç-heçə edib, növbəti qarşılaşmasında qalib gələn komanda həmin vaxt olduğu kimi 2 turdan sonra 2 top vurub və 1-ni buraxmaqla 4 xal a sahibdi.
Lakin “İnter”lə oyun başqa məqamlarla da diqqət çəkib. Həmin məqamları təqdim edirik:
- Ötən mövsümün 29-cu turunda “İnter”ə səfərdə 1:2 hesabı ilə uduzduqdan sonra 5 matçdır ki, “Qəbələ” uduzmur. Üstəlik ardıcıl 7 oyundur ki, Fatih Kavlakın yetirmələri hər matçda ən azı 1 qol vurur.
- Bu, ev oyunlarında ardıcıl 3-cü qələbə oldu.
- “İnter”lə oyunda 1 futbolçu – Murad Musayev ilk dəfə “Qəbələ” formasında meydana çıxdı. Onun debüt etməsi ilə klub tarixində forma geyənlərin ümumi sayı 138-ə çatdı. Bu 138 futbolçudan 77-si yerli, 61-i legionerdir. 18 yaşlı debütant klub tarixinin 77-ci yerli oyunçusu oldu.
- Premyer Liqada “Qəbələ” forması geymiş oyunçuların sayı isə 123-ə çatdı.
- Komandada qol hesabını açan Lorival Assis qol vuran 71-ci futbolçu kimi klub tarixinə adını yazdırıb. Bu 71 oyunçudan başqa daha 6 avtoqol da qeydə alınıb. Legioner həm də Premyer Liqada qol vuran 52-ci “Qəbələ”li oldu.
- İki futbolçu – Aleksandr Çertoqanov və Viktor Mendi Premyer Liqa matçına 30-cu dəfə “Qəbələ” formasında çıxdı.
- İlk dəfə komandanı kapitan sarğısı ilə meydana çıxaran Çertoqanov buna nail olan 22-ci futbolçu oldu.
