14 avqust 2012 13:02
Neftçinin Qəbələ ilə matçı ertələndi
Azərbaycan çempionu “Neftçi”nin Premyer Liqanın 3-cü turunun “Qəbələ” ilə oyununun keçirilmə tarixi dəyişdirilib. Azerisport.az xəbər verir ki, paytaxt klubu Avropa Liqasındakı çıxışı ilə əlaqədar 3-cü turun oyununu bir gün öncəyə keçirməyə nail olub.
Məlum olduğu kimi, bu görüş təqvimə əsasən avqustun 19-da keçirilməli idi. Amma yenicə əldə olunan razılığa əsasən “Qəbələ” ilə “Neftçi” bir gün öncə meydana çıxmalı olacaqlar. Belədə, “ağ-qaralar” Avroliqanın pley-off oyunlarına hazırlıq üçün əlavə bir gün qazanmış olacaqlar. Böyük ehtimalla paytaxt klubunun məşqçilər korpusu İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək çempionat oyununda bir sıra əsas heyət oyunçularına istirahət verəcək.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun avqustun 23-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Oyun saat 21:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 30-da Nikosiyada baş tutacaq.
