14 avqust 2012 15:03
APOEL Neftçi ilə oyunlara 6 itki ilə hazırlaşır
Kiprin APOEL klubu Avropa Liqasının pley-off mərhələsində qarşılaşacağı Azərbaycan çempionu “Neftçi” ilə oyunların hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, Nikosiya klubu komandamızla oyuna ciddi itkilərlə hazırlaşır.
Belə ki, komandanın altı futbolçusu komandaya kömək edə bilmir. Bunlar qapıçı Tasos Kissas, yarımmüdafiəçilər Konstantinos Xaralambides, Atos Solomu, Efstathis Aloneftis, Nektarios Aleksandru və hücumçu Ayltondu.
Kipr mətbuatının məlumatına görə, sonuncu – braziliyalı forvard artıq zədədən sonra bərpa prosesinə start verib. Amma o, çətin ki, “Neftçi” ilə oyunlara qədər tam hazır olsun.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun avqustun 23-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Oyun saat 21:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 30-da Nikosiyada baş tutacaq.
