14 avqust 2012 16:56
UEFA Avropanın ən yaxşısı adına son üç namizədin adını açıqladı (FOTO)
UEFA Avropanın ən yaxşı futbolçusuna namizədlərin siyahısını qısaldaraq, üç nəfərə endirib. Azerisport.az xəbər verir ki, yekun siyahıda yalnız Andres İnyesta, Lionel Messi və Kristiano Ronaldo yer ala bilib.
Qeyd edək ki, 2011/12 mövsümünün yekunlarına görə Avropanın ən yaxşı futbolçusu adına namizədlərin ilkin siyahısında 32 futbolçu yer almışdı. Amma onların arasında 29 nəfər bu adı almaq şansını itirib. Yekun siyahıda isə Argentina yığmasının və İspaniyanın “Barcelona” klubunun hücumçusu Lionel Messi, onun komanda yoldaşı, İspaniya millisinin yarımmüdafiəçisi Andres İnyesta və Portuqaliya yığmasının İspaniya “Real”ında top qovan futbolçusu Kristiano Ronaldodu.
Maraq üçün bildirək ki, onlar UEFA üzvü olan 53 ölkənin jurnalistlərindən ibarət jürilərin rəyi sayəsində digərlərindən daha güclü sayılıblar. Yekun səsvermənin nəticələri isə avqustun 30-da Monakoda keçiriləcək UEFA Çempionlar Liqasının püşkatma mərasimi zamanı açıqlanacaq. Həmin vaxt jurnalistlər bu üç namizədə canlı efir vasitəsilə elektron yolla səs verəcəklər.
