15 avqust 2012 16:53
Bakı əsgər futbolçularına qovuşdu (VİDEO)
Azərbaycan Premyer Liqasının 3-cü turunun "Rəvan" - "Bakı" oyununa 3 gün qalır. Azerisport.az xəbər verir ki, “zolaqlılar” bu oyuna hazırlıqları gündə 2 məşqlə davam etdirirlər.
Klubun təlim-məşq bazasının təbii örtüklü meydanında məşqə çıxan komandanın heyətində milli komandalara dəvət alan futbolçuların yoxluğu diqqət çəkir. Qeyd etmək yerinə düşər ki, Maris Verpakovski və Denis İvanov Latviya, Georgi Popxadze Gürcüstan, Rəhman Hacıyev Azərbaycan U-21 və Namiq Ələsgərov Azərbaycan U-19 milli komandalarının düşərgəsinə yollanıblar.
Eyni zamanda hərbi xidmətə yollanan futbolçular - Elvin Məmmədov, Novruz Məmmədov və Aqil Məmmədov 1 aylıq fasilədən sonra ilk dəfə komandanın məşqlərinə qatılıblar. Baş məşqçi Bojidar Bandoviçin rəhbərliyi altında bir araya gələn futbolçular, təxminən, 90 dəqiqə ərzində taktiki və texniki təmrinlər üzərində çalışıblar. Yüngül isinmə hərəkətləri ilə başlayan məşq ardından ikitərəfli oyunla davam etdirilib.
Əlavə edək ki, "Bakı" ölkə çempionatında növbəti oyununa 18 avqust 2012-ci il tarixdə çıxacaq. "Rəvan"la oyun "Dalğa Arena"da baş tutacaq.
