15 avqust 2012 21:14
Berti Foqts: İsraillə oyunda belə səhvləri buraxmaq olmaz
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Bəhreynlə yoldaşlıq matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, 3:0 hesabıyla qələbə qazandıqları görüşdən sonra bunları dilə gətirib:
“İlk növbədə azarkeşlərə təşəkkürümü bildirirəm ki, belə isti havada bizi dəstəksiz qoymadılar. Qələbəni onlara həsr edirik. Hesab edirəm ki, layiqli qələbə qazandıq. Uşaqlar elə oynadılar ki, sanki 40 dərəcə isti yox idi”.
Almaniyalı mütəxəssis bəyan edib ki, millinin oyunundan razı qalıb: “Bu gün biz bütün oyunboyu mərkəzdə ağalıq etdik. Eyni zamanda üç qol vurduq ki, bu da yığma üçün təsadüfi uğurlardandı. Baxmayaraq ki, daha bir qol vurmağa yaxın idik”.
Foqts eyni zamanda çatışmazlıqlardan da danışıb: “Müdafiədə səhvlərimiz var idi. Belə səhvləri İsraillə oyunda qətiyyən buraxmaq olmaz. Bir çox oyunçular özlərini doğrultdular. Amma müdafiədən hücuma keçərkən səhvlər diqqət çəkirdi. Güclü rəqiblərlə oyunlarda belə səhvlər bizə baha başa gələcək”.
Yığmamızın çalışdırıcısı həmçinin bəyan edib ki, artıq növbəti tsiklin ilk oyunu – İsraillə qarşılaşma üçün start heyətini müəyyənləşdirib. Amma təbii ki, qarşıdakı müddət ərzində hansısa dəyişiklik də istisna deyil: “Yığmada rəqabət var. Bu, çox yaxşı məqamdı. İsraillə oyun üçün start heyətini müəyyənləşdirmişəm. Amma qarşıda Premyer Liqanın bir neçə oyunu olacaq. Odu ki, gözləyək. Hər şey baş verə bilər”.
