16 avqust 2012 16:33
Qarabağın gedənləri qayıdır
“Qarabağ” “Sumqayıt”la oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, artıq 3 gündü 3-cü turun görüşünə milli oyunlar səbəbindən tam heyətlə hazırlaşa bilməyən komanda bu gündən gedənlərinə qovuşur.
Əsas millimizə gedən 5 yerli futbolçuyla yanaşı, 4 futbolçu da U-21 üçün Estoniya ilə oyuna görə düşərgəni tərk etmişdi. Albaniya - Moldova (0:0) görüşündə meydana çıxan Ansi Aqolli isə sabah məşqə çıxa biləcək. 9 yerli futbolçu isə bu axşam Suraxanı qəsəbə stadionunda 18:30-da baş tutacaq çalışmaya qoşulacaq. Zədə səbəbindən millinin oyununu buraxan Əfran İsmayılov fizioterapevt Murat Şahinoğlunun nəzarətində xüsusi proqramla çalışır.
Xatırladaq ki, “Sumqayıt” – “Qarabağ” oyunu avqustun 19-da Sumqayıtın mərkəzi arenasında saat 18:00-da keçiriləcək.
