17 avqust 2012 14:03
Neftçi yenə Fatih Kavlaka məğlub olacaq?
“Qəbələ” sabah – avqustun 18-də Premyer Liqanın 3-cü turu çərçivəsində səfərdə paytaxt təmsilçisi “Neftçi” ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, İndiyədək yalnız ölkə çempionatında qarşılaşan rəqiblərin duellərində hələlik “Neftçi” öndədi.
Bakılılar 7, “Qəbələ” 5 qələbə qazanıb, 4 qarşılaşma isə heç-heçə başa çatıb. Top fərqində 21:14 hesabı ilə üstün olan paytaxt təmsilçisinin uğurlu oyunları Fatih Kavlakın “Qəbələ”nin baş məşqçisi təyin olunana kimi davam edib.
Bu postdakı debüt oyunu çempiona qarşı olan türkiyəli elə ilk cəhddən “Neftçi” üzərində qələbənin sevincini yaşayıb. Bundan sonra “Qəbələ” çempion üçün kabusa çevrildi. Rəqibini hətta 4:1 hesabı ilə darmadağın etməyi də bacaran bu komanda ötən mövsümün son oyununda doğma azarkeşləri önündə çempionluğu bayram etmək istəyən bakılıların sevincini “korladı”. Bir sözlə Kavlakın yetirmələri bu rəqibə qarşı keçirdiyi hər 3 oyunda qələbə qazanıb. Əgər Kavlak bu qarşılaşmadan da qalib ayrılsa, o "Neftçi"yə qarşı ardıcıl 4-cü qələbəyə - pokerə imza atacaq.
